Başlıq » 2011 » Mart » 29 » Azərbaycanda doktoranturaya qəbul imtahanı sentyabrın 25-dən sonra keçiriləcək
Azərbaycanda doktoranturaya qəbul imtahanı sentyabrın 25-dən sonra keçiriləcək
21:29
Azərbaycanda doktoranturaya qəbul imtahanının keçirilməsi ilə bağlı elan avqust ayında veriləcək.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti (NK) ilə əldə olunan razılığa əsasən belə qərar qəbul edilib: “Nazirlər Kabineti doktoranturaya qəbul planlarını təsdiq edib, bundan sonrakı mərhələni AMEA həyata keçirəcək. Hazırlıqlar tam başa çatandan sonra doktoranturaya qəbul imtahanının sentyabrın 25-dən sonra keçirilməsi nəzərdə tutulub”.
A. Həşimov bildirib ki, AMEA Təhsil Nazirliyindən başqa doktoranturalar yaradılan digər təşkilatların hamısına Azərbaycan Nazirlər Kabinetinin (NK) təsdiq etdiyi plan yerlərini göndərib: “Bu təşkilatların hamısına məktubla müraciət edilib. Onlar doktoranturaya qəbul imtahanları üçün hansı ixtisaslar, hansı mövzular seçildiyini AMEA-ya bildirməlidirlər. Bu mövzular AMEA-nın Problem Şuralarında müzakirələrdən keçməlidir. Qəbulu həyata keçirmək üçün qəbul proqramları, metodik vəsaitlər hazırlanmalıdır. Bu il universitetləri bitirən məzunların da doktoranturaya sənəd verə bilməsi üçün şərait yaratmaq lazımdır”.